• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İran BMT-nin hesabatını kəskin tənqid etdi

İranın İnsan Hüquqları üzrə Ali Şurasının katibi Məhəmməd Cavad Laricani BMT-nin insan hüquqları ilə bağlı illik hesabatını kəskin tənqid etdi.

M.C.Laricani BMT-nin insan hüquqları üzrə komissarının hazırladığı hesabatın siyasi xarakter daşıdığını və həqiqətlə heç bir əlaqəsinin olmadığını bəyan etdi.

O bildirdi ki, İranda prezident və parlament seçkiləri demokratik əsasda keçirilir və ölkə vətəndaşlarının seçib-seçilmək hüququ var. İranda söz, fikir və mətbuat azadlığı olduğu halda, hesabatda insanların hüquqlarının pozulduğu göstərilmişdir. Onun sözlərinə görə, hesabatda insan hüquqlarının pozulmasına dair sübutlar yoxdur.

M.C.Laricani BMT-nin İnsan Hüquqları üzrə Komissarlığının əməkdaşlarını İrana dəvət edərək nəzərə çatdırdı ki, ölkəyə səfər etmədən, sadəcə olaraq, Qərb mətbuatının yazdığı qeyri-dəqiq məlumatlar əsasında hazırlanmış hesabat qəbulolunmazdır. O qeyd etdi ki, İran insan hüquqlarının qorunması məsələsində BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırdır.