• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Özbəkistanda Azərbaycan mədəniyyətinə və ədəbiyyatına böyük maraq var

Özbəkistanın Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində vilayət hakimi Fərxad Ermanov Bakıdan və Daşkənddən Urgənc şəhərinə gələn nümayəndələrlə görüşdü.

 Fərxad Ermanov qədim Xarəzm torpağında Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsindən məmnun olduğunu bildirdi. F.Ermanov vurğuladı ki, bundan sonra qədim Xarəzmin mərkəzi Urgəncdə və Bakıda tez-tez belə tədbirlər keçiriləcək.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov gələcək əməkdaşlıq məsələlərindən danışdı, Xarəzm vilayəti ilə Azərbaycanın regionları arasında əlaqələrin yaradılması, ölkəmizin şəhərləri ilə Xarəzm vilayətinin şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsi, Bakı şəhərindəki İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ilə Xivə şəhərindəki İçənqala qoruğu, vilayətin ali məktəbləri, mədəniyyət müəssisələri və Azərbaycanın aidiyyəti qurumları arasında əlaqələrin yaradılması təklifləri ilə çıxış etdi.

“Kaspi” qəzetinin təsisçisi, yazıçı-publisist Sona Vəliyeva Azərbaycan və özbək xalqlarının dostluğundan danışdı. O, Özbəkistanda Azərbaycan mədəniyyəti, musiqisi və ədəbiyyatına böyük maraq olduğunu dedi. S.Vəliyeva qədim Xivə şəhərini gəzdiklərini, buradakı təkrarsız abidələrə valeh olduğunu bildirdi.

Akademik Kamran Əliyev və özbək alimi və tərcüməçisi Babaxan Şərif əlaqələrin daha da genişləndirilməsi istiqamətində görüləcək işlərdən danışdılar.

Xatırladaq ki, mədəniyyət günləri Mədəniyyət Mərkəzinin, “Özbəkturizm” Dövlət Komitəsinin, Azərbaycandakı “Kaspi” qəzeti və eyniadlı təhsil şirkətinin və Xarəzm vilayət hakimiyyətinin dəstəyi ilə keçirilir.