• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Oktyabrın 29-u Dünya İnsultla Mübarizə Günüdür

Dünya Səhiyyə Təşkilatı 2004-cü ildən başlayaraq hər il oktyabrın 29-nu Dünya İnsultla Mübarizə Günü kimi qeyd edir. Həmin il insult qlobal epidemiya elan olunmuş və 2006-cı ildə İnsultla Mübarizə üzrə Dünya Təşkilatı yaradılmışdır.

Hazırda həmin quruma dünyanın 85 ölkəsindən 60 təşkilat və 3,5 min fərdi üzv daxildir və onlar insultla mübarizə aparan təşkilat və cəmiyyətlərdə çalışan alimlərdir.

İnsult beynin qan dövranının kəskin pozulması, yəni, beyni qidalandıran damarlardan bir və ya bir neçəsinin daralması və ya tutulmasıdır. Ağır gedişli insultlardan sonra baş-beyin funksiyasının yalnız qismən bərpa olunması müşahidə edilir. Statistikaya görə, hər il Yer kürəsində təxminən 16 milyon nəfərdə insult baş verir və onların 6,7 milyonu ölümlə nəticələnir. Adətən bu xəstəliyə tutulanların üçdəbiri həyatını itirir, qalanları isə əlil olur. Lakin bununla belə insultun qarşısını almaq və xəstələrə yardım etmək mümkündür. Əsas məsələ xəstəyə ilk 3-4 saat ərzində müdaxilə etməkdir.

İnsult əlamətləri bunlardır: danışıq anlaqsız olur, güləndə ağız küncləri aşağı düşür, koordinasiyası pozulur, ətraflarından biri zəifləyir.