• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycanlı yazıçı-jurnalist Başqırdıstanda keçirilən beynəlxalq müsabiqənin qalibi oldu

Ufa şəhərində Başqırdıstan Respublikasının yaranmasının 100 illiyi və bu ölkənin tanınmış Xalq şairi Mustay Kərimin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən “Qızıl Kuray” Beynəlxalq jurnalistlər müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirildi.

Müsabiqəyə Rusiya Federasiyasının bir çox bölgələrindən, eləcə də Azərbaycan, Türkiyə, Çexiya, Kanada, Çin və digər ölkələrdən 100-dən çox yazı təqdim olunmuşdur.

Yeddi nominasiya üzrə keçirilən beynəlxalq müsabiqənin münsiflər heyətinə Rusiya Federasiyası Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov rəhbərlik edirdi.

Müsabiqədə azərbaycanlı yazıçı-jurnalist, “Ulduz” jurnalının baş redaktorunun müavini Təranə Vahid “Yamantau dağı, başqırd nəğmələri və kuray çiçəyinin sirri” (“Гора Ямантау, башкирские песни и тайна цветка курай”) adlı araşdırma yazısına görə jüri tərəfindən birinci yerə layiq görüldü.