• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Tramp və Netanyahu qarşılıqlı müdafiə haqqında sazişi müzakirə ediblər

Prezident Donald Tramp bazar günü bəyan edib ki, o, İsrailin Baş Naziri Binyamin Netanyahu ilə şənbə günü telefon danışığı zamanı İsraillə qarşılıqlı müdafiə barədə sazişin bağlanmasının mümkünlüyünü müzakirə edib.

 Liderlərin söhbəti Baş Nazir Netanyahunun bu ilin əvvəlində koalisiyalı hakimiyyəti formalaşdıra bilməməsindən sonra İsraildə təyin olunan seçkilərə 3 gün qalmış baş tutub.

“Bu gün Baş Nazir Netanyahu ilə mənim telefon danışığım oldu. Söhbət zamanı Birləşmiş Ştatlar və İsrail arasında qarşılıqlı müdafiə barədə sazişin mümkünlüyü müzakirə edildi. Bu saziş iki ölkə arasında güclü müttəfiqliyi daha da möhkəmləndirə bilər. Mən İsraildə keçiriləcək seçkilərdən sonra, bu ayın sonunda Birləşmiş Millətlər Təşkilatında görüşümüzdə bu müzakirələrin davamını səbirsizliklə gözləyirəm!”, - deyə Tramp özünün “Twitter” səhifəsində qeyd edib.

Baş Nazir Netanyahu, öz növbəsində, Prezident Trampa minnətdarlıq edərək “Twitter” hesabında yazıb: “Yəhudi dövlətinin Ağ Evdə heç vaxt ondan yaxşı dostu olmayıb. Mən Birləşmiş Ştatlar və İsrail arasında müdafiə haqqında tarixi sazişin müzakirəsindən ötrü BMT-də görüşümüzü səbirsizliklə gözləyirəm. Biz terrorizmə qarşı bərabər mübarizəni yorulmadan davam etdirəcəyik”.