• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

TANAP mükafata layiq görüldü

TANAP boru kəməri layihəsi daha bir mükafata layiq görüldü.

TANAP ABŞ-da təsis edilən Beynəlxalq Biznes Mükafatı (The Stevie Awards) üzrə “Avropada ilin korporativ sosial məsuliyyət proqramı” nominasiyasında qalib seçildi.

Mükafat Vyanada keçirilən mərasimdə TANAP-ın baş direktoru Saltuk Düzyola təqdim olundu.

 Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəməri bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilmişdir. Keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verildi. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlamışdır. Türkiyə bu vaxtadək TANAP-la 2,7 milyard kubmetr Azərbaycan təbii qazı almışdır. Cari ilin sonunadək isə bu həcm 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Layihə üzrə kapital xərcləri 8 milyard dollardır və bu vaxtadək TANAP-a təqribən 6 milyard dollar xərclənmişdir. TANAP-ın səhmdarları layihə üzrə illik 1,45 milyard dollar gəlir əldə edəcəklər. Həmin gəlirin 58 faizi Azərbaycanın payına düşəcək.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.