• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

UNESKO-nun baş qərargahında Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd olundu

Parisdə UNESKO-nun baş qərargahında Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd olundu.

UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, UNESKO baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Ottone, Azərbaycan Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hess Nəsimi dühasından söz açdılar. İmadəddin Nəsiminin Şərq və Qərb xalqlarının mədəni sərvətləri xəzinəsində özünəməxsus layiqli yerindən danışıldı. 

Səfir Anar Kərimov Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi ili” elan edildiyini və bununla əlaqədar ölkə daxilində və xaricdə elmi, ədəbi və mədəniyyət tədbirlərinin keçirildiyini diqqətə çatdırdı.

Bildirdi ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə 650 min ağac əkiləcək. O, Nəsiminin Azərbaycan ədəbi mühitinin zənginləşməsində rolunu qeyd edərək, ideya və görüşlərinin dünya ədəbiyyatına təsirindən söz açdı. Mədəni müxtəlifliyə, humanist ideyaların təşviqinə töhfələrindən danışdı.