• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Misirdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı müsabiqə keçirildi

Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin ofisində 18 oktyabr -  Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirildi.

Tədbirdə Misirdə yaşayan azərbaycanlı ailələr, bu ölkənin nüfuzlu universitetlərində təhsil alan tələbələr iştirak etdilər.

Təşkilatlar Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov çıxış edərək Dövlət Müstəqilliyi Gününün tarixindən, Misir ilə Azərbaycan arasında tarixi, mədəni, siyasi əlaqələrdən, ölkəmizdəki multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən danışdı. Müxtəlif sivilizasiyaların qovuşduğu məkan olan Azərbaycanda əsrlərboyu milli-mədəni müxtəliflik mühitinin formalaşdığını diqqətə çatdırdı.

Azərbaycan həqiqətlərindən danışan S.Nəsirov Xocalıda törədilən soyqırımından geniş söhbət açdı, faciənin dünyanın bir çox ölkələri tərəfindən tanındığını qeyd etdi.

Helvan Universitetinin müəllimi Usəmə Əbdurrəhman Azərbaycan ilə Misirin qardaş ölkələr olduğunu və bu qardaşlığın gündən-günə daha da möhkəmləndiyini vurğuladı

Daha sonra, Diaspor Təşkilatları Birliyi tərəfindən Müstəqillik Günü münasibətilə Misirin mötəbər əl-Əzhər, Qahirə, Aynu Şəms, İsgəndəriyyə və Mansura universitetlərinin tələbələri arasında “Azərbaycan tarixi və onun dahi şəxsiyyətləri” mövzusunda təşkil edilən müsabiqənin qalibləri mükafatlandırılıb və iştirakçılara diplomlar təqdim olundu.

Tədbir diaspor mərkəzində Azərbaycan dilini öyrənən tələbələrin ana dilimizdə çıxışları ilə yekunlaşdı