• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bakıda MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclası keçirilir

Oktyabrın 14-də Bakıda MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclası öz işinə başladı. MDB dövlətlərinin aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin, sosial tərəfdaşların, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi iclasda məqsəd üzv dövlətlərdə əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində görülən işlərin, dövlətlərarası əməkdaşlıq və gələcək fəaliyyətin istiqamətləri, əhaliyə sosial xidmətlərin göstərilməsi ilə bağlı müzakirələrin, məlumat və təcrübə mübadilələrinin aparılmasıdır.

Məşvərət Şurasının Əsasnaməsinə uyğun olaraq Şuraya sədrlik ev sahibliyi edən tərəfin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, həmsədrlik isə əvvəlki iclasa sədrlik edən və gələcək iclasın sədri olacaq nazirlər tərəfindən həyata keçirilir.

İclasın açılışında Şuranın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanda sosial sahədə inqilabi islahatların baş verdiyi bir ildə ölkəmizin belə mötəbər tədbirin məkanı kimi seçildiyini məmnuniyyətlə qeyd etdi. Nazir MDB ölkələri arasında məşğulluq, əmək, miqrasiya və sosial müdafiə kimi getdikcə daha çox əhəmiyyət kəsb edən sahələrdə əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırdı. O, hazırkı iclasın gündəliyində dayanan məsələlərlə əlaqədar ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatlar barədə söhbət açdı.

Sahil Babayev bildirdi ki, 2003-cü illə müqayisədə Azərbaycanın ÜDM-i 3,4 dəfə, orta əməkhaqqı 7,5 dəfə, minimum pensiya 10 dəfə artmış, 2,2 milyondan çox yeni iş yeri yaradılmış, işsizlik və yoxsulluq səviyyəsi 5 faizə qədər azaldılmışdır. Cari il ərzində minimum əməkhaqqının 93 faiz, minimum pensiyanın 72 faiz, sosial müavinət və təqaüdlərin orta hesabla 2 dəfə artırılması, 2 yeni növ təqaüdün təsis edilməsi və s. kimi tədbirlər 4 milyon 200 mindən çox vətəndaşın rifahına əhəmiyyətli sosial dəstək verdi.