• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Özəlləşdirmə və investisiya imkanları, müasir yanaşmalar, şəffaf və elektron prosedurlara dair regional forum keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən oktyabrın 11-də Şəmkir şəhərində “Qərb regionunda özəlləşdirmə və investisiya imkanları, müasir yanaşmalar, şəffaf və elektron prosedurlar” mövzusunda regional forum təşkil olundu.

Komitədən bildirildi ki, özəlləşmə nəticəsində bölgələrdə mütərəqqi texnologiyaların tətbiq edildiyi yeni müəssisələr açılır, biznes mühitində investorlar təbəqəsi genişlənir, o cümlədən, fəaliyyətini dayandırmış müəssisələrin yenidən bazar iqtisadiyyatına cəlb edilməsi istiqamətində görülən işlərin effektivliyi artır. Bu strateji hədəflərin reallaşdırılması üçün innovativ yanaşmalar tətbiq edilir, özəlləşmənin elektron müstəviyə keçidi təmin olunur, maarifləndirici forumlar keçirilir. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) iştirakı ilə keçirilən budəfəki forumda Şəmkir Şəhər İcra Hakimiyyətinin nümayəndələri, ətraf rayonlardan olan 70-dək sahibkar, iş adamı iştirak etdilər.

Forumun əsas məqsədi sahibkarlıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, bu sahədəki yeni yanaşmalar, innovasiyaların tətbiqi, özəlləşdirməyə yeni açılmış müəssisə və sahələr, şəffaflığın artırılması ilə bağlı görülən təbliğat və maarifləndirmə tədbirləri barədə məlumatlandırmaqdır. Eləcə də ölkədəki əlverişli investisiya mühitindən yararlanaraq sahibkarların bu prosesdə iştirakının genişləndirilməsi ilə bağlı praktik addımların atılması da tədbirin əsas vəzifələrindəndir.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdirinin müavini Yalçın Camalov bildirdi ki, ölkə başçısının tapşırıqlarına uyğun olaraq müasir idarəetmə standartlarının, innovativ yanaşmaların tətbiq edildiyi özəlləşmə sahəsində proses modernləşdirilir, elektron müstəviyə keçid daha da genişləndirilir. Bu imkanlar özəlləşməyə cəlb edilən investorların sayının çoxalmasına səbəb olur. Mütəmadi olaraq sahibkarlarla, iş adamları ilə görüşlərin keçirilməsi də özəlləşmədə iştirak edən investorların artımına şərait yaradır. İstər xarici sərmayəçilər, istərsə də yerli investorlarla görüşlər zamanı onlara özəlləşmə sahəsində tətbiq edilən yeniliklər, həyata keçirilən innovativ addımlar, özəlləşməyə çıxarılan müəssisələr barədə ətraflı məlumat verilir. Reallaşdırılan bu tədbir də özəlləşmə sahəsində göstərilən fəaliyyətin məcrasının genişlənməsinə, biznes mühitinə yeni investorların qoşulmasına, bölgənin iqtisadi potensialının artmasına imkan verən müəssisələrin açılmasına təkan verəcək.