• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bakıda Şərq Tərəfdaşlığının gələcəyinə dair məsləhətləşmələr keçirilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 11-də Bakıda “Şərq Tərəfdaşlığının gələcəyi” mövzusunda strukturlu məsləhətləşmələr keçirildi.Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Aİ ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd etdi. O bildirdi ki, hazırda əlaqələr sosial və iqtisadi həyatın bütün sahələrində inkişaf edir. Aİ ilə Azərbaycan arasında bu günə qədər 21 layihə həyata keçirilmişdir. Bu layihələr 34 institutla əməkdaşlıq şəklində icra olunmuşdur. Azərbaycan Aİ üçün güclü tərəfdaşdır.

 Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bildirdi ki, tədbirin məqsədi Şərq Tərəfdaşlığı çərçivəsində aparılan əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini, yaranmış problemləri, layihələri və onların Azərbaycan üçün faydalarını müzakirə etməkdir. O vurğuladı ki, tədbirdə Aİ ilə Azərbaycan arasında əlaqələrin hazırkı vəziyyəti də müzakirə olunacaq. Aİ Azərbaycan üçün önəmli istiqamətdir.

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbəri Vasilis Maraqos dedi ki, 2004-2005-ci illərdə Avropa İttifaqının son genişlənməsindən sonra qurumdan Şərq qonşuluğundakı ölkələrin inkişafı və təhlükəsizliyi üçün yeni investisiyalar ayrılmışdır. Aİ ilə Azərbaycan tərəfdaşlıq prioritetlərini razılaşdırıblar və hazırda daha geniş tələbləri gündəmə gətirən tərəfdaşlıq sazişi üzərində iş gedir. Bu saziş əlaqələrimizi yeni müstəviyə çıxaracaq.

Vasilis Maraqos əlavə etdi ki, Avropa İttifaqı 6 Şərq Tərəfdaşı ölkəsi ilə özünəməxsus əməkdaşlıq əlaqələri qurmuşdur. Aİ-nin indiyədək Azərbaycanda həyata keçirdiyi layihələr nəticəsində 3 min iş yeri yaradılmışdır. Aİ Azərbaycanın ən böyük investisiya və ticarət tərəfdaşıdır.

Daha sonra tədbir panel müzakirələr və sual-cavab sessiyası ilə davam etdi.

Qeyd edək ki, tədbirdə rəsmi şəxslər, parlament üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin, beyin mərkəzlərinin, vətəndaş cəmiyyətinin nümayəndələri, gənc fəallar və KİV nümayəndələri iştirak etdilər.