• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Tehranda “İslam ölkələrinin 4-cü beynəlxalq səhiyyə konqresi” keçirildi

Oktyabrın 10-da Tehranda “İslam ölkələrinin 4-cü beynəlxalq səhiyyə konqresi” keçirildi.

Tədbirə Azərbaycan, Türkiyə, Qətər, Küveyt, Əfqanıstan, İndoneziya, Malayziya, Banqladeş və digər dövlətlərin təmsilçiləri qatılmışdır. Ölkəmizi bu konqresdə “My Travel” şirkətinin icraçı direktoru Elnara Cabbarova təmsil etdi.

Tədbirdə İslam ölkələrinin turizm və səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə edildi.

Konqres çərçivəsində “Turizm və səhiyyə turizmi sektorunda işgüzar əməkdaşlıq üzrə İran-Azərbaycan görüşü” baş tutdu. Görüşdə İslam ölkələrində səhiyyə turizminin inkişafı mərkəzinin direktoru Mehdi Kərimi çıxış etdi. Qeyd olundu ki, müasir dövrdə turizmin inkişafı insanların istirahətini təmin etməklə yanaşı, həm də dövlətlərin iqtisadiyyatının inkişafına böyük təkan verir. Turizmin inkişafı dövlətlərə xarici valyuta axınını təmin edən əsas sahələrdən biridir. İslam ölkələrinin böyük turizm potensialı var və bu dövlətlər qarşılıqlı əməkdaşlıq nəticəsində səhiyyə turizmi sahəsini inkişaf etdirə bilərlər.

“My Travel” turizm şirkətinin icraçı direktoru Elnara Cabbarova Azərbaycanın səhiyyə turizmi potensialı haqqında geniş məlumat verdi. Video-slaydlar vasitəsi ilə E.Cabbarova Naftalan, Duzdağ barəsində, buradakı otellər və xidmətlər haqqında danışdı. Qeyd olundu ki, müxtəlif xəstəliklərin müalicəsi üçün Naftalan nefti olduqca əhəmiyyətlidir. Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzi isə bronxial asma xəstəliyinin müalicəsi üçün əvəzolunmaz yerdir.

Təqdimat zamanı Bakı, Qəbələ, Şəki və Azərbaycanın digər gəzməli və görməli yerləri haqqında geniş məlumat verildi.