• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

“Sülh aylığı” çərçivəsində sülhün və insan hüquqlarının təbliğinə həsr olunmuş tədbir keçirilib

Sentyabrın 11-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) sülhün və insan hüquqlarının təbliğinə həsr olunmuş tədbir keçirilib. Səhiyyə işçilərinin iştirakı ilə keçən tədbir hər il respublikamızda Beynəlxalq Sülh Günü ərəfəsində insan hüquqları üzrə müvəkkilin təşəbbüsü ilə elan edilən 21 avqust – 21 sentyabr “Sülh aylığı” çərçivəsində təşkil olunub.

 

İSİM-in direktor müavini Əliheydər Şahmarov “Sülh aylığı” çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayaraq bildirib ki, 1981-ci ildən etibarən hər il qeyd olunan 21 sentyabr – Beynəlxalq Sülh Gününün məqsədi heç olmasa bir gün Yer üzündə ümumi atəşkəs elan edilməsinə, dünyada silahların susmasına nail olmaqdır: “Sülh – mədəniyyətdir, əxlaqdır, həyat tərzidir. “Sülh aylığı” əhalinin müxtəlif qrupları arasında sülh və dözümlülük mədəniyyətinin, hüquq düşüncəsinin inkişafına, təbliğinə xidmət edir”.

İSİM-in kadrlar şöbəsinin müdiri Aris Rüstəmov Azərbaycan xalqının sülhsevər bir xalq olduğunu diqqətə çatdırıb: “Təəssüf ki, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistan tərəfindən 1988-ci ildən başlayan və hələ də davam edən işğalçılıq siyasəti nəticəsində öz yurdlarına, doğma ocaqlarına həsrət qalıblar. Ermənistan hələ də BMT Təhlükəsizlik Şurasının münaqişənin tezliklə həlli, işğal edilmiş ərazilərin azad olunması haqqında qətnamələrinə əməl etmir və atəşkəsi tez-tez pozur”.

İSİM-in baş hüquqşünası Fidan Rüstəmova “Azərbaycan Respublikası vətəndaşlarının sağlamlıq hüquqları” mövzusunda geniş məruzə ilə çıxış edərək, həkim deontologiyası və etik davranışlar, həmçinin səhiyyə sahəsində qanun tərəfindən tənzimlənmiş inzibati xətalarla bağlı ətraflı məlumat verib.

İSİM-in səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva cəmiyyətdə zorakılıq hallarının azalmasında ictimai səhiyyənin və mətbuatın rolundan söz açaraq bildirib ki, Sülh Günü nəinki xalqlar arasında, həmçinin ailələrdə, cəmiyyətdə münasibətlərin sağlamlaşmasına, zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir.

İSİM-in səhiyyə kommunikasiyası şöbəsinin psixoloqu Aysel Musayeva sülhün və sabitliyin insan psixologiyasına təsiri barədə geniş təqdimatla çıxış edərək vurğulayıb ki, inkişafın təməli olan sülh və sabitlik hər ölkədə onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə inkişaf etdirilir.

Tədbirin yekununda mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb, cəmiyyətdə zorakılıq hallarının azalmasında ictimai səhiyyənin rolunun artırılmasına dair təkliflər dinlənilib.