• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğətin təqdimatı olub

Daşkəndin Əlişir Nəvai adına Universitetində  Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistandakı filialının  layihəsi əsasında nəşr olunmuş “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğətinin təqdimatı keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan universitetin prorektoru, professor Abdulxay Sadırov layihənin uğurla həyata keçirilməsinə görə AMM-yə öz dərin təşəkkürünü bildirib və ilk dəfə olaraq tərtib edilən lüğətin əhəmiyyətindən bəhs etmişdir. O, xalqlarımızın eyni kökə və dilə malik olmasına baxmayaraq müxtəlif dövrlər ərzində dilimizə yabançı təsirlərin olması nəticəsində xeyli yeni sözlərin daxil edildiyini və başqa dillərin təsiri nəticəsində dillərimiz arasında fərqlər yarandığını bildirmişdir. Alim vurğulayıb ki, məhz mövcud çətinliklərin, boşluqların aradan qaldırılması məqsədilə bu sözlük tərtib edilmişdir.

AMM-in direktoru Samir Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ana dilimizin qorunması, saflığı və inkişafı ilə bağlı müvafiq fərman və sərəncamlarını xatırladaraq bunları dilimizə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirdi. O, Mədəniyyət Mərkəzinin fəaliyyətində ana dilimizin geniş təbliğ olunduğunu, bu məqsədlə AMM-in nəzdində tərcüməçilik məktəbinin formalaşdığını da diqqətə çatdırıb. Direktor Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2014-cü ildə “Azərbaycan-özbək, özbək Azərbaycan” danışıq kitabçasının və 2019-cu ildə lüğətin tərtib edildiyini söylədi.

Özbəkistan Elmlər Akademiyası Dil, Ədəbiyyat və Folklor İnstitutunun direktoru, professor Nizaməddin Mahmudov hər iki ölkənin dilçilik sahəsində mütəxəssislərinin ciddi səyi ilə ərsəyə gətirilən lüğətdə 23 mindən çox söz və ifadənin qarşılıqlı tərcümələrinin öz əksini tapdığını və ilk dəfə hazırlanan bu lüğətin tərtibini türk dünyası ölkələri arasında tarixi hadisə kimi dəyərləndirdi

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov deyib ki, lüğətin nəşrindən sonra xalqlarımız dillərimizin bir-birinə necə yaxın olduğunu əyani şəkildə gördülər. Nəşrin hər iki ölkənin alimləri, tədqiqatçıları üçün yeni imkanlar açacağını da vurğuladı. Alim yeni lüğətin hər iki dildə çoxlu tərcümə layihələrinin və tədqiqat əsərlərinin yaranmasına səbəb olacağını söylədi.

Alim və tərcüməçi, nəşrin Özbəkistan tərəfdən həmmüəlliflərindən biri olan Babaxan Şərif lüğətin dilçilik sahəsində yeni imkanlar açdığını bildirərək onun vasitəsi ilə türk dünyasının aparıcı ölkələri olan Azərbaycan və Özbəkistan arasında yeni və möhkəm körpü qurulduğunu dedi. Natiq lüğətin imkanları, söz və ifadələrin qarşılıqlı tərcüməsi, hər iki dildə verilmiş əlifbada hərflərin transkripsiyası haqqında danışdı.

Professor Səadət Muhammadova, dosent Gülbahor Aşurova və başqaları qədim, zəngin, ortaq tarixi köklərə malik Azərbaycan və özbək mədəniyyətlərinin bəşər sivilizasiyasına böyük töhfələr verdiyini, Şərq elmini, ədəbiyyatını, incəsənətini, ümumilikdə dünya mədəniyyətini zənginləşdirdiyini bildirdilər.

Tədbirdə universitetin tələbələrinin iki xalqın tarixi dostluğuna, habelə ana dilinə dair hazırladıqları ədəbi-bədii kompozisiya təqdim edildi.

Qeyd edək ki, “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik, Özbəkistan Milli Elmlər Akademiyasının Ədəbiyyat, Dil və Folklor İnstitutlarının Elmi Şuralarının qərarları ilə nəşr olunmuşdur.