• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bu gün Beynəlxalq Memarlar günüdür.

Memarlar Günü Beynəlxalq Memarlar İttifaqının təşkil olunması ilə eyni vaxtda - 1946-cı ildə İsveçrənin Lozanna şəhərində təsis edilib. Həmin vaxtdan başlayaraq hər il oktyabr ayının birinci bazar ertəsi Memarlar Günü kimi qeyd olunur.

Qədim mədəniyyətə və tarixə malik Azərbaycanda da bu əlamətdar gün hər il qeyd edilir.

Hələ ötən əsrlərdə Azərbaycanda Ploşko, Skibinski, Qoslavski, Exler kimi əcnəbi memarlar çalışaraq nadir memarlıq nümunələri yaratmışdılar. Bununla yanaşı, o dövrdə də Azərbaycanın milli memarları - Məmmədhəsən Hacınski, Zivərbəy Əhmədbəyov, Məşədiqafar İsmayılovun layihələri əsasında  çox sayda tarixi binalar inşa olunmuşdur.

XX əsrin sovet dövründə də Azərbaycanın kifayət qədər tanınmış dünya şöhrətli memarları olmuşdur. Mikayıl Useynov, Sadıq Dadaşov, Həsənağa Məcidov, Qəzənfər Əlizadə, Ənvər Qasımzadə və digərləri öz dövrünün memarlığı üslubunda gözəl əsərlər yaratmışdılar.

XX əsrin 70-ci illərində Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev memarlığa, o cümlədən milli memarlığa, tarixi və müasir memarlıq üslublarından istifadəyə böyük diqqət yetirmişdir. Bu baxımdan Heydər Əliyev Sarayı möhtəşəm memarlıq incilərindəndir. Həmin dövrdə çox sayda digər gözəl memarlıq nümunələri hesab edilən binalar tikilmişdir. Gəncədə, Sumqayıtda və digər şəhərlərdə müasir yaşayış kompleksləri salınmışdır.

1993-cü ildə xalqın təkidli ilə yenidən hakimiyyətə qayıdışından sonra ümummilli lider Heydər Əliyevin fəaliyyətində prioritet istiqamətlərindən biri də memarlıq və şəhərsalma məsələləri olmuşdur, bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan memarlığı dünya memarlığına da böyük töhfələr vermişdir. Tanınmış memar Zaha Hadidin layihəsi ilə inşa olunmuş Heydər Əliyev Mərkəzi dünya memarlıq xəzinəsinə böyük bir töhfədir desək, yanılmarıq.

Bu günə qədər gəlib çatmış və gələcək nəsillər üçün qorunan nadir əsərlər Azərbaycan memarlarının fitri istedadını dünyaya nümayiş etdirir. Memarlarımız nəinki respublikamızda, hətta onun hüdudlarından çox-çox uzaqlarda da öz memarlıq üslublarını yaradaraq gənc nəsillərə  yadigar qoyub getmişlər.

Azərbaycan Memarlar İttifaqı ölkənin şəhər və kəndlərinin abadlaşdırılmasında, yeni görünüşdə qəsəbələr salınmasında da  aparıcı rol oynayır.

Müstəqillik illərində onlarla memarımız beynəlxalq müsabiqələrin laureatı adına layiq görülüb, fəxri adlarla, orden və medallarla təltif ediliblər. Ölkədə həyata keçirilən layihələrdə memarlarımızın uğurlu iştirakı isə Azərbaycan memarlarının istedadının əyani göstəricisidir.