• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Haçiyoci Beynəlxalq Əməkdaşlıq Festivalının iştirakçıları ölkəmiz barədə ətraflı məlumatlandırılıb

Yaponiyanın Haçiyoci şəhərində keçirilən Beynəlxalq Əməkdaşlıq Festivalında Azərbaycan stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Festivalda Azərbaycan ilə yanaşı, Haçiyoci şəhərində yaşayan Pakistan, ABŞ, Çin, Almaniya, Malayziya, Peru, Vyetnam, Nepal və digər ölkələrin nümayəndələri də iştirak ediblər.

Festivalın açılış mərasimində çıxış edən şəhər bələdiyyəsinin sədri Takaşi İşimori və digərləri iştirakçıları salamlayıblar. 

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin hazırladığı stenddə milli adət-ənənələrimizi əks etdirən eksponatlar, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən ölkəmiz haqqında yapon dilində dərc edilmiş nəşrlər, “İRS-İsan” jurnalının nömrələri təqdim edilib. Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu eksponatlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, elektronika sahəsində tanınmış alim Xəlil bəy Kələntər və təşkilatın üzvləri Azərbaycan, onun coğrafi mövqeyi, müstəqilliyi bərpa etdikdən sonra əldə edilən uğurlar barədə ziyarətçiləri ətraflı məlumatlandırıblar. Festival iştirakçıları və qonaqlar Azərbaycan stendinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi qeyd ediblər.

Haçiyoci şəhər parlamentinin sədri Kengi Hamanaka Azərbaycan stendinin əsrarəngiz şəkildə  zəngin olduğunu vurğulayıb. Parlamentin sədri deyib: “Yaxşı bilirsiniz ki, Azərbaycan ilə Yaponiya arasında sıx iqtisadi əməkdaşlıq əlaqələri mövcuddur. Yaponiyanın bir çox şirkətləri Azərbaycan tərəfindən həyata keçirilən beynəlxalq neft və qaz layihələrində yaxından iştirak edirlər. Çox istərdim ki, Haçiyoci şəhəri də bu əlaqələrə öz töhfələrini versin. Bildiyiniz kimi, gələn il Tokioda Yay Olimpiya Oyunları keçiriləcək. Azərbaycan idmançıları da hər zaman olduğu kimi bu yarışlarda iştirak edəcək. Arzu edərdim ki, Azərbaycan idmançılarının bir qrupu oyunlar zamanı bizim şəhərə səfər edərək yerli əhalinin qonağı olsun. Təbii ki, bu bizi daha da yaxınlaşdırar, əməkdaşlıq üçün yaxşı zəmin yaradar. Xalqınıza uğurlar və firavan həyat arzulayıram”.

Festival müxtəlif xalqların mahnılarından və rəqslərindən ibarət bədii proramla başa çatıb