• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Taliblər İslamabadda ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi ilə görüşüblər

“Taliban” hərəkatının nümayəndə heyəti İslamabadda ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilxadla görüşüb.

Görüş oktyabrın 3-də baş tutub və bir saatdan çox davam edib. Görüş rəsmi xarakter daşımırdı və tərəflər arasında etimad yaranmasına hədəflənmişdi.

Qeyd edək ki, bu, ötən ay ABŞ Prezidenti Donald Trampın taliblərlə danışıqları dayandırmaq barədə qərarından sonra “Taliban” nümayəndələri və Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi nümayəndəsi arasında ilk görüş olub.

Həmçinin, Pakistanın Xarici İşlər Nazirliyi “Taliban” nümayəndələrinin İslamabadda ölkənin xarici siyasət idarəsinin rəhbəri Şah Mahmud Qureyşi ilə görüşdüyünü və Əfqanıstanda sülh prosesinin bərpası məsələsini müzakirə etdiklərini bildirib.

Xatırladaq ki, 2018-ci ilin payız aylarında ABŞ “Taliban” hərəkatı ilə sülh danışıqlarına başlayıb. Rəsmi Kabil danışıqlardan kənarda qalıb və yalnız onun nəticələr barədə məlumatlandırılıb. Danışıqların 9 raundunun nəticələrinə əsasən, Zalmay Xəlilzad sülh barədə sazişdə irəliləyişin əldə olunduğunu bildirib. Tərəflər dörd əsas mövzu üzərində danışıqlar aparıblar. Sayı 5 min nəfərdən çox olan ABŞ qoşunlarının Əfqanıstandan tam çıxarılması və ölkə ərazisinin ABŞ və digər ölkələrə hücum üçün istifadə olunmayacağına dair zəmanət, həmçinin, ümumi atəşkəs və Əfqanıstandakı qüvvələr arasında dialoqun keçirilməsi məsələləri barədə razılığa gəliblər. Lakin, sonradan ABŞ Prezidenti Donald Tramp Əfqanıstanlı həmkarı Əşrəf Qani ilə “Taliban” liderləri arasında Kemp-Deviddəki iqamətgahında gizlin hazırlanan görüşün ləğv olunduğunu elan edib. Bundan sonra danışıqlar dayandırılıb.