• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İranın Neft naziri: ABŞ İrana qarşı iqtisadi müharibə aparır.

ABŞ dünya bazarına çıxarılan neft və qazdan silah kimi istifadə edir və bu, müəyyən edilmiş dövlətə qarşı yönəldilib.

Bu sözləri İranın Neft naziri Bijən Namidar Zəncənə Moskvada “Rusiya enerji həftəsi-2019” mövzusunda keçirilən konfransda demişdir. O bildirmişdir ki, ABŞ İrana qarşı iqtisadi müharibə aparır. Lakin, dünya bazarında neft hər hansı dövlətə qarşı silah kimi istifadə edilməməlidir. Bu, bütün dövlətlərdə yaşayan insanların sosial vəziyyətinə mənfi təsir göstərir. Çox təəssüflər olsun ki, ABŞ belə mövzularda güzəştə getmir.

Nazir həmçinin qeyd edib ki, 2020-ci ildə “Cənub Pars” qaz yatağından sutkada 27 milyard kubmetr qaz çıxarılacaq. Ümumilikdə isə İran cari ildə sutkada 70 milyard kubmetr qaz hasil edəcək. Hazırda İran Türkiyə, Pakistan, Əmman, İraq və Ermənistana qaz ixrac edir. Sanksiyalar İranda neft və qaz çıxarmaq sənayesinə toxunmayıb.

Xatırladaq ki, oktyabrın 2-dən 5-dək Moskvada “Rusiya enerji həftəsi-2019” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransda dünyanın ən iri neft və qaz şirkətlərinin rəhbərləri, Avropa və Asiya ölkələrinin enerji nazirləri, iqtisadçılar və siyasi müşahidəçilər iştirak edirlər. Konfransda “Neft və qaz bazarlarındakı vəziyyət”, “Ölkələrin enerji öhdəlikləri”, “Gələcəyin çağırışları”, “Dünya siyasətində neftin rolu” mövzuları müzakirə olunur. Konfransın işinə Rusiya Prezidenti Vladimir Putinin də qatılacağı gözlənilir. Rusiya Prezidenti konfransda qlobal enerji təhlükəsizliyi barədə fikirlərini bölüşəcək və qlobal xarakter daşıyan problemlərin həlli yollarından danışacaq.