• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

IAEA 2019 konfransı sessiyalarla davam edir

Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik toplantısı (IAEA 2019) sessiyalarla davam edir.

Konfrans çərçivəsində “Qiymətləndirmə standartları”, “Testdə keyfiyyətin təmin olunması”, “Seçim üçün qiymətləndirmə”, “Qiymətləndirmə islahatları”, “Qiymətləndirmənin tətbiqi modelləri”, “Qəbul proqnozları” mövzularında sessiyalar keçirilir.

Sessiyalarda “Çoxsahəli imtahan administrasiyaları üçün standartlaşmanın və ədalətin təmini: Ağa Xan Universiteti imtahan komissiyasının təcrübəsində” (Pakistan), “Səudiyyə Ərəbistanında 2018-ci ildə təhsil nəticələrinin milli qiymətləndirilməsi standartları”, “Qiymətləndirmə texnikasını tətbiq etməkdə sosial məsuliyyət” (Nigeriya) mövzularında çıxışlar dinlənilir.

“Testdə keyfiyyətin təmin olunması” sessiyasında Dövlət İmtahan Mərkəzinin əməkdaşı Elmir Məmişov tərəfindən “Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirak edən zal nəzarətçilərinin fəaliyyətlərinin qiymətləndirilməsi və təhlili” mövzusu təqdim edilib. Təqdimatda nəzarətçilərin imtahana təyinatı zamanı qoyulan tələblər, onların imtahan zamanı imtahan rəhbərləri tərəfindən qiymətləndirilməsi meyarları diqqətə çatdırılıb.

Sessiyada, həmçinin “Ölçmə potensialı: seçim qərarlarında qiymətləndirmələrin istifadəsi”, “Şəxsi elektron qiymətləndirmə platforması: Qazaxıstanda məktəbə qəbul üçün səmərəli istifadə” mövzuları ətrafına müzakirələr aparılır.

Xatırladaq ki, “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusunda konfransda Azərbaycanla birgə 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir. IAEA-nın üzvü olan Dövlət İmtahan Mərkəzi bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi iştirak edir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Azərbaycan hələ 2007-ci ildə MDB ölkələri arasında IAEA tərəfindən belə bir konfrans keçirilən ilk ölkə olub.

IAEA 2019 beynəlxalq konfransı sentyabrın 27-dək davam edəcək.