• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bakıda Hindistan Texniki və İqtisadi Əməkdaşlıq Günü qeyd olunub

Bakıda “Hindistan Evində” Hindistan Texniki və İqtisadi Əməkdaşlıq Günü (ITEC) keçirilib.

 Hindistanın Azərbaycandakı səfiri Bavintlunq Vanlalvavna bildirib ki, Hindistan hökuməti 55 il ərzində ITEC proqramı çərçivəsində Azərbaycan da daxil olmaqla tərəfdaş ölkələrlə müxtəlif sahələr üzrə öz təcrübəsini paylaşıb. Təlim kursları kənd təsərrüfatı, bank, maliyyə, mühasibatlıq və audit, təhsil, IT, mühəndislik və texnologiya, ingilis dili, ətraf mühit və iqlim dəyişikliyi, insan resurslarının inkişafı da daxil olmaqla müxtəlif geniş mövzuları əhatə edir.

Tədbirinin fəxri qonağı olan Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev qeyd edib ki, Azərbaycan-Hindistan əlaqələrinin dərin tarixi kökləri və xoş ənənələri mövcuddur. O, Azərbaycanın Hindistanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu, iki ölkə arasındakı ticarət və investisiyasının həcminin artırılması üçün böyük potensialın mövcudluğunu və iki ölkə arasında hazırki ticarət dövriyyəsinin bu potensiala cavab vermədiyini bildirib.

Tədbirdə Milli Məclisin deputatları Səməd Seyidov, Asim Mollazadə və Naqif Həmzəyəv iştirak ediblər.

ITEC Günü hər il proqram məzunları ilə əlaqənin davam etdirilməsi məqsədilə bütün dünya ölkələrində Hindistan səfirlikləri tərəfindən qeyd olunur.

ITEC məzunları, Azərbaycan dövlət qurumlarını təmsil edən şəxslər, Azərbaycandakı Hindistan icmasının üzvlərindən ibarət 130-dan çox qonağın iştirak etdiyi tədbirdə çıxış edən ITEC məzunları təlim proqramlarına dair təcrübələrini bölüşərək proqram ərzində qazandıqları biliyi öz peşə sahələrində tətbiq etdiklərini vurğulayıblar.

ITEC proqramı çərçivəsində Hindistan hökuməti proqram iştirakçılarını ölkənin ən yüksək səviyyəli müəssisələrində bütün xərclərin qarşılandığı təqaüd proqramı ilə təmin edir. Təqaüdə yol və kurs xərcləri, yaşayış haqqı, təhsil üçün lazımi kitablar, Hindistanda tibbi sığorta və digər xərclər daxildir. Hazırda hər il 300-ə yaxın təlim kursları təşkil edən 70 müəssisə var və bu kurslarda iştirak etmək məqsədilə dünyanın 160 ölkəsindən Hindistana təxminən 12000 tələbə təlim keçir.

Hindistan səfirliyi müvafiq namizədləri ITEC təlim kurslarına müraciət etməyə dəvət edir. Azərbaycanın dövlət qurumlarında çalışan, 25-45 yaş arasında olan əməkdaşlar kurslara müraciət edə bilər. Müraciət formaları səfirliyə kursun başlanğıc tarixinə 3 ay qalmış müvafiq nazirlik vasitəsilə göndərilməlidir. Ərizəçilərdən online müraciət formasını dolduraraq çap edilmiş formasını səfirliyə təqdim etmələri xahiş olunur.

ITEC kursları, şərtlər və qaydalara dair ətraflı məlumatı https://www.itecgoi.in/index.php linkindən əldə etmək olar.