• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Şinzo Abe BMT-nin Baş Məclisindəki çıxışında KXDR və Səudiyyə Ərəbistanı ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb

Yaponiyanın Baş Naziri Şinzo Abe BMT-nin Baş Məclisindəki çıxışında KXDR və Səudiyyə Ərəbistanı ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb.

 Ş.Abe Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ilə heç bir ilkin şərt olmadan görüşə hazır olduğunu deyib.

Baş Nazir söyləyib: “Yaponiya ABŞ Prezidenti Donald Trampın məsələyə yanaşmasını dəstəkləyir. İki ölkə liderlərinin parlaq gələcək naminə qarşıda duran problemin açıq şəkildə həllinə çalışması Şimali Koreya ilə ünsiyyətin mexanizmini dəyişib. Mən özüm də Koreyanın Əmək Partiyasının sədri Kim Çen In ilə heç bir ilkin şərt olmadan birbaşa görüşün keçirilməsinə hazıram. Bizim dəyişməz məqsədimiz Şimali Koreya tərəfindən zorakılıqla saxlanan yapon vətəndaşları, atom və raket proqramları kimi problemləri kompleks həll etməkdən və bədbəxt keçmişə son qoyaraq, ölkələr arasında normal münasibətlərin qurulmasından ibarətdir”.

Qeyd edək ki, Yaponiya uzun müddət Şimali Koreyaya münasibətdə “dialoq naminə dialoq”un faydasız olması mövqeyində dayanıb. Lakin son vaxtlar KXDR rəhbərliyinin ABŞ, Cənubi Koreya, Çin liderləri ilə görüşü və Rusiyaya səfəri fonunda yaranan boşluğu doldurmaq üçün Yaponiya da daha çevik mövqe tutmağa çalışır.

BMT Baş Məclisində çıxışı zamanı Yaponiyanın Baş Naziri bu yaxınlarda Səudiyyə Ərəbistanının neft obyektlərinə olan hücumları da pisləyib. Lakin ABŞ-dan fərqli olaraq İran ilə dostluq münasibətlərini əsas götürən Şinzo Abe öz çıxışı zamanı incə balansı qorumağa çalışıb.

İranın Ali rəhbəri Ayətullah Əli Xameneinin İranın nüvə silahına yiyələnmək və ya tətbiq etmək niyyətində olmaması barədə bəyanatını çox dəyərli adlandıran Ş.Abe bunu yüksək qiymətləndirdiyini də deyib.

“Mənim dəyişməz mövqeyim İran kimi zəngin bir tarixə malik olan dövləti müdrik siyasət yeritməyə dəvət etməkdir”, - deyə Baş Nazir bildirib.