• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İndoneziyanın Papua əyalətində baş verən yeni iğtişaşlar nəticəsində həlak olanlar var

İndoneziyanın Papua əyalətində baş verən yeni iğtişaşlar nəticəsində azı 21 nəfər həlak olub, 70-ə yaxın xəsarət alan var.

Sentyabrın 23-də Cayapura və Vamen şəhərlərində baş verən yeni toqquşmalara görə hökumət həmin şəhərlərdə internet xidmətlərin göstərilməsini dayandırıb.

Bildirilir ki, iğtişaşlar ilk olaraq Cayapura şəhərində polis və hərbçilər Sendaravasi Universitetini əhatəyə aldıqdan sonra başlayıb. Həmin universitetdə İndoneziyanın digər şəhərlərindən milli diskriminasiyaya görə təxliyə edilən təqribən 300 tələbə yerləşdirilib. Yerli hakimiyyət orqanları bu tələbələri Vamen şəhərinə aparmaq istəyərkən tələbələr buna etiraz ediblər. Polis və hərbçilərin onları universitetdən zorla çıxarmaq cəhdi toqquşmalara səbəb olub. Nəticədə bir hərbçi və üç tələbə həlak olub.

Bir qədər sonra Vamen şəhərində başlayan iğtişaşlar zamanı ticarət obyektləri və inzibati binalar yandırılıb. Bu zaman 17 nəfərin öldüyü bildirilir.

Xatırladaq ki, Papua və Qərbi Papua əyalətlərində iğtişaşlar cari ilin avqustunda İndoneziyanın Şərqi Yava və Qərbi Sulavesi əyalətlərində papuas tələbələrə qarşı milli zəmində hücumlar barədə xəbərlər yayılandan sonra başlanıb.