• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Milli Məclisin Sədri Avrasiya ölkələri parlament sədrlərinin IV konfransında iştirak edir

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Avrasiya ölkələri parlament sədrlərinin IV konfransı öz işinə başlayıb.

 “Böyük Avrasiya: Dialoq. Etimad. Tərəfdaşlıq” mövzusunda keçirilən konfransda Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Xanlar Fətiyev, Cavanşir Feyziyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Avropa və Asiyanın müxtəlif ölkələrinin parlament rəhbərləri və nüfuzlu beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdiyi konfransın məqsədi Avrasiya məkanında əməkdaşlığın daha da dərinləşdirilməsi, qanunverici orqanlarının rəhbərləri və parlamentlərarası təşkilatların başçıları arasında birbaşa dialoqun qurulmasıdır.

Səfər çərçivəsində Milli Məclis Sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, konfrans Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin Avrasiya inteqrasiyası ideyasının 25 illiyinə həsr edilib.