• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Tibbi maska fabrikində birdəfəlik istifadə üçün maskalar istehsal olunacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak etdilər.

“Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mehriban Axundova dövlət başçısına və birinci xanıma müəssisələrin fəaliyyəti barədə məlumat verdi.

Bildirildi ki, tibbi maska fabrikində birdəfəlik istifadə üçün maskalar istehsal olunacaq. Maskalar üçqatdır və orta qatı xüsusi süzgəc funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir. Bu maskalar müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı davamlıdır. İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur. May ayının sonunadək burada əlavə avadanlıq quraşdırılacaq. Bu isə öz növbəsində istehsal gücünü artırmağa imkan verəcək. Beləliklə, fabrikdə mərhələli şəkildə bu göstərici 300 min ədədədək artırılacaq. Hazırda istehsalat prosesinə cəlb olunmuş işçilərin sayı 30 nəfərdir, əlavə avadanlıq quraşdırıldıqdan sonra isə 50 nəfərə çatacaq.

“Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətdə birdəfəlik istifadə üçün qoruyucu kombinezonların da istehsalına başlanılmışdır. Məhsullar polietilen qoruyucu membranla örtülmüş, yüksək sıxlıqlı polipropilendən olan toxunmamış parçadan tikilmişdir. Bu isə öz növbəsində məhsulun keyfiyyətini artırır. Belə ki, bu parça möhkəmliyi, sukeçirməzliyi, kimyəvi maddələrə davamlılığı, yüngüllüyü ilə fərqlənir. İstehsal olunan qoruyucu kombinezonlar istifadəçiləri virus, infeksiya, zərərli kimyəvi maddələrdən və ya həssaslıq yarada bilən məhsul və proseslərdən qoruyur. Məhsulun uyğunluğu müvafiq standartlar üzrə sertifikatlaşdırılmışdır. Burada gün ərzində 6 min ədəd qoruyucu kombinezonun istehsalı nəzərdə tutulur.