• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bakı metrosunda karantin qaydalarına ciddi əməl olunur

Yeni növ koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşaldılması planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı Metropoliteninin fəaliyyətinin mayın 9-dan bərpa edilməsinə dair qərar vermişdir.

AZƏRTAC xəbər verir ki, bu gündən fəaliyyətə başlayan Bakı metrosunda iş rejimi Operativ Qərargahın tələb və qaydalarına, o cümlədən “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq həyata keçirilir.

Metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilir. Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi üçün bütün imkanlar yaradılmışdır. Metronun girişlərində sərnişinlərin bu qaydalara əməl etmələri üçün polis əməkdaşları tərəfindən yoxlamalar aparılır və qaydaları pozan şəxslərin metrodan istifadəsinə icazə verilmir.

Tibbi maskası olmayan sərnişinlər metronun stansiyalarında fəaliyyət göstərən apteklərə müraciət edə bilərlər. Bakı Metropoliteninin 25 stansiyasının 17-də aptek var və onların da səhər saat 06:00-da fəaliyyətə başlaması təmin olunmuşdur. Qalan stansiyalar da səyyar maska satışı həyata keçirilir.