• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

"AtaBank" ASC və "Amrah Bank" ASC-nın lisenziyaları ləğv edildi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 27 aprel tarixli qərarları ilə “AtaBank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunmuş, adı çəkilən bankların idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçmişdir. Mərkəzi Bankın İdarə Heyətinin 2020-ci il 28 aprel tarixli qərarına əsasən həmin banklardan ikisinin - “AtaBank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilmişdir.

Qeyd olunan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlamışdır, xüsusən “AtaBank” ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 noyabr tarixli, 1616 nömrəli Sərəncamına əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank tərəfindən hər iki bankda aparılan yoxlamalar nəticəsində məlum olmuşdur ki, onlar ciddi maliyyə itkilərinə yol vermiş, öz kapitallarını tam itirmiş və müflis vəziyyətinə düşmüşdür. Bankların səhmdarları ilə müzakirələrdə onlar yoxlamaların nəticələri barədə məlumatlandırılmış və onlara bankları əlavə kapitallaşdırmaq təklif olunmuşdur, lakin onlar bu imkandan istifadə etməmişlər.