• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bayram yarmarkalarında dezinfeksiya işlərinə xüsusi diqqət yetirilir

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paytaxtda 5 məntəqədə - Yasamal, Binəqədi, Nərimanov və Suraxanı rayonlarında bayram yarmarkaları təşkil olunmuşdur. Bir yarmarka isə Abşeron rayonunda fəaliyyət göstərir.

Bunu “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aqil Quliyev martın 17-də Novruz bayramı yarmarkaları keçirilən ərazilərdə aparılan dezinfeksiya işləri ilə bağlı jurnalistlərə müsahibəsində bildirdi.

Onun sözlərinə görə, kənd təsərrüfatı yarmarkalarının keçirilməsində əsas məqsəd bayram ərəfəsində şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına artan tələbatının ödənilməsi, eyni zamanda, fermerlərimiz üçün alternativ satış məkanlarının yaradılmasıdır.

A.Quliyev diqqətə çatdırdı ki, vətəndaşlar üçün birbaşa onlayn qaydada satış imkanları da mövcuddur. Belə ki, kənddən-şəhərə.az saytı vasitəsilə istədikləri məhsulları onlayn sifariş edə bilərlər. Bu zaman 20 manatdan artıq alış-veriş etdikləri təqdirdə pulsuz çatdırılma da təmin olunacaq.

Yarmarkalarda həyata keçirilən profilaktik tədbirlərdən danışan ASC sədri qeyd etdi ki, bu məsələyə xüsusi diqqət yetirilir, satıcılar tibbi ləvazimatlarla, əlcəklə və dezinfeksiya vasitələri ilə təmin olunurlar. Dezinfeksiya işləri hər gün aparılır.