• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Mərkəzi Bank, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Banklar Assosiasiyası əməkdaşlıq edəcək

Martın 11-də Mərkəzi Bank, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalandı.

Sənədi Mərkəzi Bankın sədri Elman Rüstəmov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və ABA-nın prezidenti Zakir Nuriyev imzaladılar.

Memorandum hər üç qurum arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə dəstək vermək, mikro, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədilə bağlanmışdır. Sənədə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərin, o cümlədən əlilliyi olanların, aztəminatlı ailələrin, məcburi köçkünlərin iqtisadiyyatın müxtəlif sahələri üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün natura şəklində material, avadanlıq və digər əmlakın 2 il müddətinə müqavilə əsasında əvəzsiz olaraq bu şəxslərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Ölkə ərazisində fəaliyyət göstərən banklar könüllülük prinsipi əsasında proqramda iştirak edəcək və bu memorandum üzrə tədbirləri əvəzsiz olaraq maliyyələşdirəcək. Həmçinin proqram iştirakçılarının müxtəlif bank-maliyyə alətlərinə çıxışı da dəstəklənəcək.