• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının VI iclası keçiriləcək

Fevralın 28-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasına hazırlıq işləri yekunlaşdı və toplantıda 13 ölkənin iştirakı təsdiqləndi.

 Məşvərət Şurasının budəfəki iclasında Avropa Komissiyasının Enerji Direktorluğunun baş direktorunun müavini Klaus-Dieter Borchardt, Cənub Qaz Dəhlizi layihəsinə cəlb edilmiş ölkələrdən - Türkiyənin Energetika və Təbii Sərvətlər nazirinin müavini Alparslan Bayraktar, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava, İtaliyanın İqtisadi İnkişaf nazirinin müavini Alessandra Todde, Yunanıstanın Ətraf Mühit, Enerji və İqlim Dəyişikliyi nazirinin müavini Gerassimos Tomas, Bolqarıstandan isə Energetika naziri Temenujka Petkova iştirak edəcək.

ABŞ-ı Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnelli, Böyük Britaniyanı isə Baş Nazirin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson təmsil edəcək.

Builki tədbirdə Serbiya və Macarıstan da təmsil olunacaq. Xorvatiyanın Ətraf Mühitin Mühafizəsi və Energetika nazirinin köməkçisi Domagoy Validziç, Monteneqronun Enerji Tənzimləmə Agentliyinin Qaz, Neft və Lisenziyalaşdırma xidmətinin rəhbəri Zarko Juranoviç də tədbirə qatılacaq. Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayev, Rumıniyanın İqtisadiyyat, Energetika və Biznes Mühiti nazirinin müavini Nikulae Havrilet də iştirakçılar sırasındadır.

Tədbir iştirakçıları arasında BP, SGC, “Botaş”, TPAO, TANAP, TAP, “Snam”, Fluxys, “ICGB AD”, “Transgaz”, “SNGN Romgaz SA”, “Uniper Global”, “Bulgargaz EAD”, “SACE”, “Plinacro” şirkətləri geniş tərkibdə yer almışlar. Beynəlxalq maliyyə qurumlarından isə Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankının iştirakı nəzərdə tutulmuşdur.