• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Xarici İşlər Nazirliyi və Baş Prokurorluq Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yaydılar

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Baş Prokurorluğu Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar birgə bəyanat yaydı.

Bu barədə fevralın 26-da Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında məlumat verilmişdir.

Bəyanatda deyilir: “2020-ci il fevralın 26-da Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş qırğının 28-ci ildönümü tamam olur.

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində, Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazilərinin təqribən beşdəbiri işğal olundu və bu ərazilərdə, eləcə də Ermənistan ərazisində yaşayan bir milyondan çox yerli azərbaycanlı etnik təmizləməyə məruz qaldı.

Sözügedən təcavüz zamanı azərbaycanlı mülki əhaliyə qarşı çoxsaylı müharibə, sülh və insanlıq əleyhinə cinayətlər, o cümlədən soyqırımı aktları törədildi və bu cinayətlərə görə məsuliyyəti məhz təcavüzkar tərəf olan Ermənistan Respublikası daşıyır.

Müharibənin gedişinin ən faciəvi səhifəsi Xocalı şəhərinin işğalı ilə əlaqədar oldu. Münaqişədən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən bu şəhərdə 7000 insan yaşayırdı. 1991-ci ilin oktyabr ayından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.

Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuş, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalmış (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, 8 ailə tam məhv edilmiş, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirmiş, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülmüşdür. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan dəymişdir.

Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı başlanan müharibənin səbəblərinin və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olmuşdur. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi.

Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, sülh və insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda aparılan istintaqla bir sıra hərbi qulluqçuların və digər şəxslərin Xocalı soyqırımının törədilməsində iştirakı tam sübuta yetirilmiş və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımı, işgəncə, əhalini deportasiya etmə, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma və digər cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri barədə müvafiq qərarlar çıxarılmışdır.

Xocalı soyqırımı epizodu üzrə aparılan istintaq zamanı 7500-ə yaxın istintaq hərəkəti icra edilmiş, o cümlədən 1800-dən çoxu şahid və 2700-dən çoxu zərərçəkmiş şəxs qismində olmaqla 4500 nəfərdən çox şəxs dindirilmiş, 800-dən artıq müxtəlif növ ekspertizalar keçirilmiş, digər istintaq hərəkətləri icra edilmişdir".