• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl-Useymin 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yaydı. Baş katib faciə zamanı həlak olmuş insanların xatirəsini ehtiramla yad etdi.

Bəyanatda Xocalı qırğınının Ermənistanın Azərbaycan torpaqlarını qeyri-qanuni işğal etməsi nəticəsində baş verdiyi bildirilir. Qeyd edilir ki, Baş katib işğal olunmuş Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətləri müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi dəyərləndirən, 2013-cü ildə Qahirədə keçirilmiş İslam Sammitinin 12-ci sessiyasının Yekun Kommünikesinə, o cümlədən İƏT Xarici İşlər Nazirləri Şurasının 2019-cu ildə Əbu-Dabidə keçirilmiş 46-cı sessiyasında qəbul edilmiş qətnamələrə istinad etmişdir.