• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Xocalı faciəsini unutmayaq!

F.Köçərli adına Respublika Uşaq Kitabxanası İdrak liseyi ilə birgə Xocalı faciəsinə həsr olunmuş “Xocalı faciəsini unutmayaq!” adlı anım tədbiri keçirdi.

Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova tədbirdə çıxış edərək bildirdi ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın misilsiz xidməti olmuşdur. Onun təşəbbüsü ilə 2008-ci ildən “Xocalıya ədalət” kampaniyasına başlanılmışdır. Bu kampaniya çərçivəsində Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın və dünyanın digər ölkələrində faciə ilə əlaqədar tədbirlər keçirilmişdir. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar təşkil edilmiş, kitablar nəşr olunmuş, filmlər çəkilmişdir. Qeyd olundu ki, "Xocalıya ədalət!" kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınır.

Tədbir zamanı uşaqlar həmin gecə baş verən hadisələri şeir, mahnı və hazırladıqları bədii kompozisiyalarla canlandırdılar.

Anım mərasimində əsrin faciəsininin reallıqlarını əks etdirən videoçarx və uşaqların Xocalıya həsr etdikləri rəsmlər izlənildi. Sonra şagirdlər mövzu ətrafında diskussiya apardılar.

Sonda tədbir uşaqların dili ilə “Biz Xocalını unutmuruq! Xocalıya ədalət istəyirik!” şüarı ilə yekunlaşdı.