• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Milli Kitabxanada Beynəlxalq Ana Dili Gününə həsr edilmiş kitab sərgisi açıldı

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “21 fevral - Beynəlxalq Ana Dili Günüdür” adlı kitab sərgisi açılmışdır.

Sərginin açılışından öncə kitabxananın direktoru Kərim Tahirov bu günün əhəmiyyətindən danışdı. 

Bildirdi ki, ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün formalaşmasında, mükəmməl təhsil almasında, insanlar arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır. Hər bir dilin özəlliyi və özünəməxsus gözəlliyi var. Bunu kimsə inkar edə bilməz. Amma bir vətəndaş olaraq bizim üçün Azərbaycan dilinin əvəzi yoxdur. Bu dilin cazibəsini heç bir dildə tapmaq olmaz. Professor onu da vurğuladı ki, müəyyən tarixi dövrlərdə dilimiz düşmən qüvvələrinin təzyiqinə, təcavüzünə məruz qalmış və çətin sınaqlarla üzləşmişdir. Lakin xalqımızın əyilməzliyi, milli qüruru, öz dilini qoruyub saxlamaq arzusu sayəsində ana dilimiz öz təbiiliyini və zənginliyini itirməmişdir.

Sonra qonaqlar sərgi ilə tanış oldular.

Sərgidə Azərbaycan dilinin özünəməxsusluğunu, təbii dil xüsusiyyətlərini, tarixi zənginliyini, Azərbaycan dilinin müasir təzahür formalarını əks etdirən kitab və dövri mətbuat materialları, müstəqillik dövründə Azərbaycan dili haqqında imzalanmış fərman və sərəncamlar nümayiş olunur.

Sərgi bir həftə nümayiş ediləcək.