• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

BMT-də keçirilən tədbirdə Dağlıq Qarabağ münaqişəsi barədə danışıldı

Fevralın 19-da Birləşmiş Millətlər Təşkilatının baş qərargahında Sosial İnkişaf Komissiyasının 58-ci sessiyası çərçivəsində “Daha ədalətli dünyaya doğru: Asiyada evsizlik, sosial müdafiə, yoxsulluq və çatışmazlıq problemlərinin həlli yolları” mövzusunda forum keçirildi.

Müxtəlif ölkələrin nümayəndələrinin qatıldığı tədbirdə Avropa Azərbaycanlılar Konqresinin prezidenti Sahil Qasımov çıxış etdi.

O, çıxışında Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və erməni ordusunun 1992-ci ilin fevral ayında törətdiyi Xocalı soyqırımı haqqında məlumat verdi. S.Qasımov Ermənistanın beynəlxalq hüququ ciddi şəkildə pozulması, Azərbaycan ərazisinin 20 faizinin erməni ordusu tərəfindən işğal olunmasını diqqətə çatdırdı. Dedi ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı, 1 milyon etnik azərbaycanlı öz doğma yurdlarından didərgin düşmüş və onların fundamental hüquqları kobud şəkildə pozulmuşdur.

Münaqişə haqqında geniş məlumat verən S.Qasımov tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd 822, 853, 874 və 884 saylı qətnamələrini qəbul etmişdir. Vurğulandı ki, bu qətnamələr Azərbaycan torpağlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini təsdiqləyir və işğal olunmuş ərazilərdən tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edir.

Tədbir çərçivəsində Avropa Azərbaycanlılar Konqresinə Dünya Sülh və Əminamanlıq Federasiyasının (FOWPAL) təsis etdiyi “Sülh” mükafatı təqdim edildi.