• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Pakistan mətbuatında "Azərbaycanı tanıyaq" adlı məqalə dərc olunmuşdur

Pakistanın “dailytimes.com.pk” internet saytında “Azərbaycanı tanıyaq” sərlövhəli məqalə yerləşdirilmişdir.

Məqalənin müəllifi, “Hum news” kanalının təqdimatçı-prodüseri və müxbiri Şiffa Zakriya Naxçıvanın dini turizm məkanlarından olan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və Nuh Peyğəmbərin məzarüstü türbəsi ilə bağlı məlumatlar vermişdir.

Məqalədə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın bir hissəsidir və paytaxtı Naxçıvan şəhəridir. Bakıdan Naxçıvana quru yollar yoxdur. Əshabi-Kəhf Naxçıvan şəhərinin şərq hissəsindəki təbii mağarada yerləşir. Qədim dövrlərdən bəri Əshabi-Kəhf yeddi adamın əsrlərboyu yatdığı müqəddəs yer hesab olunur.

Müəllif vurğulayır ki, muxtar respublika, eyni zamanda, turistlərin Nuh Peyğəmbərə görə ziyarət etdiyi müqəddəs məkandır. Nuhun məqbərəsi 2006-cı ildə bərpa edilmişdir. Türbənin altında daş sütun yerləşir. Nuhun məzarının bu sütunun altında olduğu ehtimal edilir. Rəssam Bəhruz Kəngərlinin 100 il əvvəl çəkdiyi və hazırda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan rəsm əsəri də türbənin tarixi haqqında məlumat verir.