• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Bakı Fond Birjası Dünya Birjaları Federasiyasının tərəfdaşı statusunu aldı

Bakı Fond Birjası (BFB) Azərbaycan kapital bazarını beynəlxalq arenada təmsil etmək, o cümlədən xarici ölkələrin qabaqcıl birjaları ilə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını genişləndirmək məqsədilə Dünya Birjaları Federasiyasına (World Federation of Exchanges) üzv olmaq üçün müraciət etmiş və tərəfdaş birja statusunu əldə etmişdir.

Bununla da Bakı Fond Birjası regionda federasiya ilə əməkdaşlığa başlayan ilk birja olmuşdur.

Dünya Birjaları Federasiyası ilə tərəfdaşlıq BFB-nin inkişaf perspektivlərində və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması istiqamətində yeni imkanlar yaradır. Belə ki, bu cür nüfuzlu təşkilatla tərəfdaşlıq Bakı Fond Birjasının dövriyyə göstəricilərinin beynəlxalq məlumat resurslarında açıqlanmasına şərait yaradacaq, beləliklə də Qlobal Rəqabətlik Hesabatında “Bazar kapitallaşmasının ÜDM-də payı”, habelə “Doing Business” hesabatında “Kiçik investorların qorunması” indikatorları üzrə ölkəmizin mövqeyinin yaxşılaşmasına xüsusi töhfə verəcək. Bu tərəfdaşlıq, həmçinin Bakı Fond Birjası ilə federasiyaya üzv olan digər birjalar arasında qarşılıqlı listinq və əməkdaşlıq imkanlarını artıracaq. Nəticə etibarilə bu imkanlar xarici investorların ölkə iqtisadiyyatı və yerli maliyyə bazarları barədə daha çox məlumatlanmasını təmin edəcək və gələcəkdə Azərbaycan kapital bazarına investisiya imkanlarını artıracaq.