• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

Azərbaycanı dünyaya tanıdan bəstəkar

Fevralın 5-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin xatirəsinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Milli Kitabxananın direktoru professor Kərim Tahirov dahi bəstəkarın həyat və yaradıcılığı haqqında geniş söhbət açdı. Bildirdi ki, bu gün xalqımız öz istedadlı oğlu Qara Qarayevi fərəhlə və qürur hissi ilə anır.

Qeyd etdi ki, Qara Qarayev Azərbaycanı dünyaya tanıdan nadir şəxsiyyətlərdən biridir. O, Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında, milli musiqi təfəkkürünün formalaşmasında, Azərbaycan musiqisinin dünya musiqi mədəniyyəti ilə əlaqəli şəkildə inkişafında misilsiz xidmətlər göstərmişdir. Bəstəkarın “İldırımlı yollarla” baletində, “Alban” rapsodiyasında, “Vyetnam” süitasında, “Don Kixot” simfonik lövhələrində, “Leyli və Məcnun” simfonik poemasında, “Ürək mahnısı” kantatasında, “Yeddi gözəl” baletində və bir sıra dram əsərlərində və kino filmlərinə yazdığı musiqilərdə millilik duyulur.