• Müsəlman
  • Jurnalistlərin
  • Səsi

İnnovativ “Mobil Ödəmə” xidməti artıq Azərbaycanda!

Əlverişli xidmət “Azercell Telekom” tərəfindən “PAŞA Bank” və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birgə əməkdaşlıqda təqdim edildi.

Yeni ilin başlanğıcı lider mobil operator “Azercell Telekom”un yeni rəqəmsal xidmətinin istifadəyə verilməsi ilə əlamətdar oldu. Bu da cəmiyyətin rəqəmsallaşması və maliyyə sahəsinin rəqəmsallığa ahəngdar keçidi istiqamətində əhəmiyyətli bir dönüş oldu. Belə ki, yanvarın 8-də “Azercell”in “PAŞA Bank” və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birgə həyata keçirdiyi "Mobil Ödəmə" xidməti bütün fakturasız xətt (“SimSim”) abunəçiləri üçün mümkün olacaq.

Azərbaycan Respublikası Prezidentinin ölkədə “Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” ilə bağlı sərəncamına uyğun olaraq hazırlanmış yeni xidmət abunəçilərə nağd puldan istifadə etmədən mobil telefon vasitəsilə ödəmə əməliyyatlarını həyata keçirmək imkanı yaradacaq. İstənilən GSM smartfonunda rahat və intuitiv istifadə fürsəti yaradan "Mobil Ödəmə" xidmətindən yaralanmaq mümkündür.

Xidmətin ilk mərhələsində “Azercell”in faturasız xətt abunəçilərinin su, elektrik enerjisi, istilik kimi kommunal xidmətlər, eləcə də, “E-İmza”, “AzDataCom”, “Catel” və “Azeronline” kimi rabitə xidmətləri üçün ödəniş etmək imkanı olacaq.

Fakturasız xətt (“SimSim”) abunəçiləri bu xidmətdən “Azercell”in "Kabinetim" mobil əlavəsi vasitəsilə yararlana bilərlər. Bu xidməti aktivləşdirmək üçün abunəçi "Kabinetim" əlavəsində qeydiyyatdan keçərkən müvafiq şərtləri qəbul etmək üçün elektron müqavilə imzalamalıdır.

Əlavə etmək lazımdır ki, xidmətdən nömrənin balansında 3 AZN-dən çox məbləğ olduğu halda istifadə etmək mümkündür. Birdəfəlik maksimal ödəniş isə 50 AZN məbləğində müəyyən edilib. Minimal ödəniş həddi xidmət təchizatçısı tərəfindən müəyyən edilir. Eyni zamanda, bir ay ərzində ödənişlərin ümumi həcmi 500 AZN-dən çox olmamalıdır.